Tletseruk ailəsi
Tletseruk soyu — şimal-qərbi Qafqazın yerli xalqlarından olan adıgeylərin Şapsığ qoluna mənsub çərkəz ailə soyudur. Böyük köçdən əvvəl Krasnodar əyalətinin Tuapse bölgəsi və Soçinin Lazarevski bölgəsində yaşayırdılar. Bu gün isə əsasən, Rusiyaya bağlı Adıgey Respublikasının Pseytuk kəndi də daxil olmaqla, Türkiyənin Aydın, Afyon, İzmir, Çanaqqala, Adabazarı, Çorum, Yozqat, Samsun, Balıkesir və Düzcə vilayətlərində yaşamaqdadırlar.
Tletseruklar 1552-ci ildə Qara dəniz sahillərini gəzən genuyalı səyyah Georg İnteriano və 1820-ci illərdə yenə buraları gəzən fransız Leonti Yakovleviç Lyulyenin xatirələrinə görə, Goaiye qəbiləsi içində məskunlaşan böyük bir ailə idi. Goaiyelər daha sonralar Natuhaj qəbiləsinə daxil oldular. Natuhajlar Prezüye, digər adı ilə Psezüape vadisinin üst hissələrində, Tağaps vadisində yaşayırdılar. Adlarındakı fərqlilik nəzərə alındığında Natuhajlarla Şapsığlar fərqli etnoslar kimi görünə bilər, lakin eyni xalqdırlar. Çünki ikisi də Adıgey kökənlidirlər, eyni dildə danışırlar və ortaq olaraq özlərini Aquçips adlandırırlar. Bu adın xüsusi bir mənası yoxdur, lakin qarşılaşdıqlarında onlar üçün bir növ xitab funksiyasını yerinə yetirir. Daha sonralar Natuhaj və Şapsığların bütün qolları öz aralarında qarışdılar.